"TEAS Press" Nəşriyyat evi dünyada ən böyük universitet nəşriyyatı olan "Oxford University Press" (OUP) nəşriyyatının ingilis dilinin tədrisi və digər nəşrlərin yayımı üzrə Azərbaycanda rəsmi nümayəndəsi təyin olunmuşdur.

"Oxford University Press" nəşriyyatının materialları Azərbaycanda müəllim və tələbələrin, eləcə də müxtəlif sahələrdə çalışan və ingilis dilindən istifadə edən mütəxəssislərin bu dildə olan müasir ədəbiyyatla tanış olmasına, həmçinin onların ingilis dili üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsinə zəmin yaradır. "OUP" nəşriyyatı ingilis dilinin öyrənilməsi vasitəsilə müəllim və şagirdlərin dünya görüşünün genişlənməsinə imkan yaradır.

"OUP" nəşriyyatı ingilis dilinin tədrisində materialların çapı sahəsində zəngin təcrübəyə malikdir. "OUP"-in Satış və Beynəlxalq İnkişaf üzrə Direktoru Saymon Mavin deyib: "Təhsil insanların həyatını yaxşıya doğru dəyişir və biz çox şadıq ki, "Oxford University Press" nəşriyyatının "TEAS Press" Nəşriyyat evi ilə əməkdaşlığı sayəsində Azərbaycandakı müəllim və tələbələr bizim Oxford Universitetinin orijinal nəşrlərindən bəhrələnə biləcəklər."

"Oxford University Press" nəşriyyatı Oksford Universitetinin bir departamenti kimi fəaliyyət göstərir. Bu nəşriyyat tədqiqat işlərində, təqaüd və təhsil sahəsində müxtəlif nəşrlər çap etməklə dünyada universitetin mükəmməlliyə nail olmaq məqsədini təbliğ edir.

"OUP" dünyanın ən böyük qlobal əhatəli universitet nəşriyyatıdır. Nəşriyyat ildə 7 min adda yeni kitab çap edir, onun 50-dən çox ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Bu nəşriyyatı müxtəlif nəşr proqramlarına görə milyonlarla insan tanıyır. Buraya bütün akademik sahələr üzrə elmi işlər, məktəb dərslikləri, uşaq kitabları, xarici dil olaraq ingilis dili üzrə tədris vəsaitləri, biznes sahəsində kitablar, lüğətlər, təlimat kitabları və elmi jurnallar daxildir.